2019-cu ilin interyer dizayn trendləri
Updated: Feb 2, 2019
2019-cu ildə interyer dizayn öz ətrafında rifah və rahatlığı birləşdirəcək, rəng institutu Pantone-un direktoru Michelle Ogundehin belə deyir :) Onun trend hesabatına taktil səthlər, sadə materiallar və xardal rəngi aksentlər daxildir.
Dizayn üslüb ifadələri dünyada baş verən hadisələrə cavabdır, yəni, hər hansı ciddi trend proqnozu hazırki mədəni konteksin geniş araşdırılmasına əsaslanmalıdır.
Evin xarici görünüşündən fərqli olaraq, daxili görünüşü insanın təcəssümü, sığınacaq, özünüaxtarış məkanı kimi düşünülməlidir. Ev, insanın öz-özünə: mən bir individual olaraq, həyatımda, ailəmdə, işimdə və ümumən cəmiyyətdə hansı pozitiv dəyişikliyi yarada bilərəm? - sualı ilə başlayan həqiqət axtarışına imkan verməlidir.
Qandinin sözü ilə desək, biz görmək istədiyimiz dəyişikliyin özü olmalıyıq. Özümüzü əhatə etdiyimiz hər şey həyatımızın hekayəsinə çevrilir.
Bunları nəzərdə tutaraq 2019-cu ildə 6 trendin həyatımıza daxil olacağını proqnozlaşdırmaq olar:
Rifah evimizə daxil olur
İngiliscə well-being sözü var, yəni, keyfiyyətli yaşayış, hansı ki, dilimizə rifah sözü kimi tərcümə olunur. Sunday Times jurnalının bestsellerləri pis yuxunun bədənimizə, sağlamlığımıza və xoşbəxtliyimizə məhvedici təsirini təkrar-təkrar təsdiqləyir. Bu populyar problem üçün müxtəlif həll yolları təklif edilir: pulsuz yuxu tətbiqetmələri, yeni nəsil matraslar, yuxumuzu izləməyə imkan verən cihazlar və s. Evdə səs-küyün az olduğu hissədə şəxsi zonanın yaradılması da bu həll üsullarından biridir.
Ətraf mühitin çirklənməsinin əvvəlki illərə nisbətən daha da aktuallaşması ilə bağlı Airlite kimi niş boya firmaları beynəlxalq şirkətlər üçün kimyəvi qoxular, bakteriya və çirkabı azaldan standartlar tərtib edəcəklər. Eyni səbəbdən 2018-ci ildə trend sayılan ev bitkilərindən bu il sadəcə dəb və estetika üçün deyil, daha çox sağlamlıq məqsədilə istifadəsinə şahid olacağıq. Bundan əlavə, bağ və parklar da dekorativ məqsəddən çox xeyir gətirici məqsədlə istifadə olunaraq, xəstəxana həyətlərində müalicəvi bitkilər, pəncərə önlərində tərəvəz yetişdirilməsi adi hal alacaq.
Şəhər sakinləri interyerdə təbiətlə təması itirməmək üçün yaşılın hər tonundan istifadə edəcəklər.
Qabarıq, toxunaqlı textura və fakturalar
Lakin rahat və gözəl dizayn yalnız rəng və yaşıllıqdan ibarət deyil. Hazırki rəqəmsal dünyada bizim, əl və ayaq barmaqlarımızın hiss etdiyi səhtlərlə əhatə olunmaq kimi ibtidai ehtiyacımız var. Toxunaqlı stimulasiya qucaqlaşdıqda və ya ev heyvanına toxunduqda sevgi hormonu olan oksitosin yaradır, həmçinin kortizolun səviyyəsini aşağı salır, stresi azaldır.
İş günlərimiz əsasən telefon, tabletlərimizin hamar ekranına toxunaraq keçdiyindən, fiziki olaraq hiss etmək sağlam ruh üçün vacib hala çevrilib.
Digital print parçalardan həqiqi naxışlar, yun bukle (bouclé), kətan və başqa iri toxunma parçalar keçid gözlənilir. Həmçinin qabarıq teksturalı divar kağızları, divar panellərini də nəzərdə saxlamaq lazımdır.
Üstəlik, materialın orijinalını gizləyən parlaq lak örtük, asanlıqla formaya salına bilən qaraldılmış latun, mumlanmış fanerlər, Shou Sugi Ban (18-ci əsrdə Yaponiyada ortaya çıxan ağacı odda yandırmaqla uzunömürlü edən metod) ilə əvəz olunacaq.
Mərmər, daş, keramika, çini (farfor) təbii material olduqları üçün populyarlığını qoruyacaq.
Nostalji
İnsanlar tez-tez dəyişən dəbdənsə, yenidən istehsal edilmiş uzunömürlü klassik mebellərə üstünlük verəcəklər, art povera materialları ilə (1967-ci ildə İtaliyada meydana gələn müasir incəsənət cərəyanı. Gündəlik istifadə olunan materiallardan hazırlanmış incəsənət nümunəsidir) yenilənmiş vintaj mebelləri görəcəyik. Plastikdən istifadə kəskin azalacaq, yemək və içki üçün köhnə üsulla hazırlanmış şüşə qablardan, vintaj rənglər olan şaftalı, solğun çəhrayı və fıstıq rənglərdə məxmər üzlüklər geniş istifadə olunacaq.
Skandinaviya üslübü trendə çevrilir
İnstagramda gördüyümüz o gözəl skandinav üslüblü interyerlərə bir az istilik əlavə etsək, bu ilin trendi saya bilərik.
Skandinav soyuqluğu adətən, taxta fonda qara, ağ, boz və keçi dərisi ilə assosiasiya olunur. Bu sadə gözəlliyi qabarıq teksturalar, qeyri-mükəmməklik və solğun rənglərlə doldurduğumuzu təsəvvür edin. O zaman üslub birdən-birə daha maraqlı və əlçatan olacaq.
Kətan pərdə, divarda istifadə olunmuş mantar palıdı, faner, həsir, cyut ipliklər (jute ropes) interyeri daha canlı edir. Hətta Oxford Dictionary-nin "toxic" sözünü ilin sözü elan etdiyi çətin bir ildən sonra bütün bunlara sadəcə kameralar, instagram üçün deyil, sağlam bədən və sağlam ruh üçün ehtiyacımız var.
İlin rəngi – ədviyyat toxunuşu
Bildiyimiz kimi, Pantone rəng institutu koral rəngini ilin rəngi elan edib.
Bəzi proqnozlara görə bej rəngin tonları bu il yenidən qayıdacaq. Bej rəng sakitləşdirici rəng olsa da, interyerdə digər rənglərin mövcudluğuna mane ola bilər. Darıxdırıcı olmaması üçün bəzi aksent rənglərdən istifadə etmək olar. Məsələn pikant rəng paleti və xardal rəngi.
Məsələ burasındadır ki, tünd oxra sarısı, qarışıq rənglər və boz-bej (greige) neytrallığı arasındakı bağlayıcı rəng rolunu oynayır. İlk baxışdan bu rəngə "zövqdən asılı rəng" demək olar, əslində isə, o çox tez adaptasiya oluna bilən və gözləri yormadan istilik qatan rəngdir.



Comments